AİŞ ilə KEPCO arasında Anlaşma Memorandumu imzalanmışdır.
19.11.2007
Noyabrın 15-də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Koreya Elektrik Enerji Korporasiyası (KEPCO) arasında Ələt qəsəbəsində müstəqil elektrik stansiyasının inşasına dair Anlaşma Memorandumu imzalanmışdır. Sənədi Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Anar Axundov və KEPCO şirkətinin vitse-prezidenti Jin-Sik Kim imzalamışdır. Memorandumda layihənin icrası üçün tərəflərin iştirakı ilə əməliyyat şirkətinin yaradılması, AİŞ-in layihədə iştirak payının 25%-dən artıq olmaması şərti öz əksini tapmışdır. Azərbaycan İnvestisiya Şirkətinin bu layihədə iştirakı ilə bağlı rəsmi qərar layihənin texniki-iqtisadi əsaslandırılmasının nəticələrinə əsaslanacaqdır. KEPCO şirkəti Ələt qəsəbəsində müstəqil elektrik stansiyasının inşasına dair texniki-iqtisadi əsaslandırma üzərində işlərə başlamış və bu işlər artıq tamamlanmaq üzrədir. Azərbaycanda müstəqil elektrik stansiyaların tikintisi layihəsinə dair "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Koreya Respublikasının Koreya Elektrik Enerjisi Korporasiyası (KEPCO) arasında Anlaşma Memorandumu" cari ilin 24 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin Koreya Respublikasına rəsmi səfəri zamanı imzalanmışdır. Layihənin ümumi prinsiplərini əks etdirən ilkin razılaşma sənədi isə KEPCO şirkətinin prezidenti cənab Von-Gul Linin cari ilin 24 sentyabr tarixində Bakıya səfəri zamanı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri cənab Heydər Babayevlə imzalanmışdır. Müstəqil elektrik stansiyasının inşasına özəl sektor tərəfindən yatırılması nəzərdə tutulan investisiyaların həcmi texniki-iqtisadi əsaslandırma çərçivəsində müəyyən olunacaqdır.
|