Anlaşma Memorandumu imzalanmışdır
24.05.2007
2007-ci il aprel ayının 24-də Koreyanın paytaxtı Seulda keçirilmiş Koreya-Azərbaycan Biznes forumunda Azərbaycan İnvestisiya Şirkəti ilə Koreyanın STX Korporasiyası arasında iki Anlaşma Memorandumu imzalanmışdır. AİŞ və STX Korporasiyası arasında imzalanan birinci memorandum Azərbaycanda müxtəlif sahələrdə biznes layihələri həyata keçirməkdə əməkdaşlığı əhatə edir. Belə biznes layihələrdən Xəzər Gəmiqayırma Zavodunun inşası, külək enerjisi ilə işləyən stansiyaların tikilməsi və digərlərini misal göstərmək olar. Digər memorandum isə bilavasitə Azərbaycan Respublikasının Qaradağ rayonu ərazisində Xəzər Gəmiqayırma Zavodunun inşası ilə bağlıdır. Memorandumun müddəalarına əsasən tərəflər ən yaxın müddətdə layihənin imkanlarını, kommersiya səmərəliliyini, zavodun inşası üçün tələb ediləcək investisiyaların həcmini və strukturunu əks etdirən maliyyə texniki əsaslandırmanın hazırlanmasına başlayacaqlar. İlkin razılaşmaya görə Azərbaycan İnvestisiya Şirkətinin layihədə payı 25%-ə qədər təşkil edəcək.
|