Azərbaycan İnvestisiya Şirkəti və USAID Qubada İnvestisiya Konfransı keçirmişlər
11.12.2008
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi Sektorlararası Rəqabətə Dəstək Proqramı (PSCEP) ilə birlikdə, 11 dekabr 2008-ci il tarixdə Quba rayonunda yerləşən Bərpa İstirahət Mərkəzində İnvestisiya Konfransı keçirmişlər. Konfransda 20-dən çox şirkətin nümayəndəsi iştirak etmiş və AİŞ, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, USAID, PSCEP, Beynəlxalq Maliyyə Korporasiyası və Dəvəçi Broyler tərəfindən təqdimatlar nümayiş olunmuşdur. Regionun biznes dairələrinin üzvləri, biznes xidmətləri və xammal təchizatçıları, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinə adı çəkilmiş hər bir təşkilat barədə, o cümlədən səhm kapitalına investisiyaların qoyuluşu haqqında əsas məlumatlar verilmiş, habelə konfrans zamanı işgüzar danışıqlar təşkil olunmuşdur. 2009-cu il ərzində AİŞ, USAID-in icraçı partnyoru olan Chemonics İnternational ilə birlikdə, Azərbaycanın digər bölgələrində də bənzər konfransların keçirilməsini nəzərdə tutur. AİŞ, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevın sərəncamı ilə 2006-cı ilin mart ayında yaradılmış və ilkin kapitalı 90 million manat təşkil edən dövlət şirkətidir. AİŞ-in əsas məqsədi ölkə iqtisadiyyatının qeyri-neft sektoruna yerli və xarici birbaşa investisiyaların cəlb olunmasına dəstək vermək və müxtəlif layihələri birgə maliyyələşdirməkdən ibarətdir. Azərbaycan Hökumətinin dəstəyi ilə, USAID-in PSCEP proqramı iqtisadiyyatın altı əsas sektorunda və səkkiz alt-sektorunda rəqabətədavamlılığı təkmilləşdirmək məqsədini daşıyır. Nəzərdən keçirilən potensial sektorlara kənd təsərrüfatı məhsullarının (meyvə-tərəvəz) tədarükü və emalı, ət və süd məhsullarının istehsalı, informasiya və kommunikasiya texnologiyaları, yüngül sənaye və qablaşdırma sahələri daxildir.
|