Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilmişdir
16.03.2009
Martın 14-də Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayevin sədrliyi ilə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) Müşahidə Şurasının iclası keçirilmişdir. İclasda Küveyt Maliyyə Evinin törəmə şirkəti olan "Turkapital"ın və AİŞ-in təsisçiliyi ilə "Küveyt-Azərbaycan İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması layihəsi təsdiq edilmişdir. Şirkətin nizamnamə kapitalı ilkin mərhələdə 500 min ABŞ dolları təşkil edəcək və səhmdarlar arasında "Turkapital" - 75% və AİŞ - 25% nisbətləri ilə bölüşdürüləcəkdir. Şirkətin nizamnamə kapitalının 2 il ərzində tədricən 20 mln. ABŞ dollarınadək artırılması nəzərdə tutulur. Nizamnamə kapitalının artırılması yuxarıda qeyd olunan faiz nisbətlərinə uyğun olaraq aparılacaq. "Küveyt-Azərbaycan İnvestisiya Şirkəti" QSC iqtisadiyyatın müxtəlif sahələrinə xarici investisiyaların cəlb edilməsi və yerli müəssisələrə sərmayə qoyuluşlarını həyata keçirəcək. AİŞ-in Müşahidə Şurasının iclasında təşkilati məsələlərə də baxılmışdır. Müşahidə Şurasının qərarı ilə Əfqan İsayev AİŞ-in icraçı direktoru təyin edilmişdir. Əfqan İsayev bundan əvvəl "Bank of Baku" İdarə Heyətinin sədr müavini işləmişdir.
|