Gəncədə “Sahibkarlığa dövlət dəstəyi” mövzusunda Konfrans keçirilmişdir
24.08.2009
Ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın prioritet istiqamətlərindəndir. Dövlət Proqramına uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, iş adamlarının maarifləndirilməsinə, sahibkarların investisiya layihələrinin həyata keçirilməsi üçün maliyyə imkanlarının yaradılmasına (güzəştli kreditlərin verilməsi və ya payçılıq qaydası ilə bu layihələrin reallaşdırılmasında iştirak etməklə) yönəldilmiş tədbirlər həyata keçirilir. Avqustun 21-də Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatçılığı ilə "Sahibkarlığa dövlət dəstəyi" mövzusunda Konfrans keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan İnvestisiya Şirkətinin və onun törəmə şirkəti olan "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"nin, Bakı Fond Birjasının nümayəndələri, həmçinin Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatı, infrastruktur, logistika, turizm və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir. Əvvəlcə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" uğurlu icrasına həsr olunmuş film nümayiş etdirilmişdir. Sonra Konfrans öz işinə başlamışdır. Tədbiri giriş sözü ilə açan Kəpəz rayonu icra Hakimiyyətinin başçısı Çingiz Muxtarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, Gəncənin inkişafına göstərilən diqqət və qayğıdan danışmış, Gəncə-Qazax regionunun investisiya qoyuluşu üçün əlverişli imkanlara malik olduğunu vurğulamışdır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirildiyini, bu sahəyə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulamış, regionlarda sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat vermiş, eləcə də Gəncə-Qazax iqtisadi rayonunda sahibkarlığın inkişafı imkanlarından bəhs etmişdir. Konfransda Azərbaycan İnvestisiya Şirkətinin, Bakı Fond Birjasının, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"nin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri təqdimatlarla çıxış etmişlər. Tədbir çərçivəsində regionda fəaliyyət göstərən iş adamları ilə görüşlər keçirilmiş, onlara biznes ideyalarının formalaşdırılması və reallaşdırılması istiqamətində Azərbaycan İnvestisiya Şirkəti, eləcə də onun törəmə şirkətləri ilə fəal əməkdaşlıq tövsiyə edilmişdir. Sonra Konfrans iştirakçıları Gəncə şəhərində fəaliyyət göstərən "NAA Agrotara" MMC ilə "Xəzər" Beynəlxalq İnvestisiya Şirkəti arasında 2009-cu ilin iyun ayında imzalanmış və 5,5 mln. manat həcmində investisiya qoyuluşunu nəzərdə tutan müqaviləyə əsasən inşa olunmuş soyuducu anbarların fəaliyyəti ilə tanış olmuşlar. Hazırda kompleksdə yeni müasir avadanlıqların quraşdırılması həyata keçirilir. Kompleksdə yenidənqurma işlərinin aparılması ildə 25 min ton meyvə-tərəvəzin, eləcə də digər kənd təsərrüfatı məhsullarının saxlanılmasına imkan verəcəkdir.
|