Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir
11.11.2009
Noyabrın 10-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir. Tədbirdə Sloveniya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, informasiya texnologiyaları, maliyyə, turizm, inşaat, xidmət, yüngül sənaye, ticarət və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak etmişdir. Azərbaycan tərəfi isə tədbirdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, uyğun sahələrdə fəaliyyət göstərən 90-a yaxın şirkətin rəhbərləri ilə təmsil olunmuşdur. Biznes forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti cənab Danilo Türk çıxış etmişlər. Biznes forumda Azərbaycanın və Sloveniyanın investisiya mühiti və biznes imkanları, həmçinin Naxçıvan Muxtar Respublikasında biznes üçün yaradılmış əlverişli şərait barədə ətraflı məlumat verilmiş, Azərbaycan İnvestisiya Şirkətinin, Sloveniyanın Sahibkarlığın və Xarici İnvestisiyaların İnkişafı Agentliyinin təqdimatları keçirilmişdir. Biznes forum çərçivəsində Azərbaycan və Sloveniya iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.
|