in English





























Korporativ elektron poçt

@aic.az
login
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri davam etdirilir (13/11/2009)
13.11.2009

 

Noyabrın 13-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Hacıqabul şəhərində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.

 

Tədbir iştirakçıları əvvəlcə Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış "Yurd El" MMC tərəfindən Hacıqabul rayonunda inşa edilən soyuducu anbar kompleksinin tikinti işləri, Hacıqabul Toxuculuq Fabrikinin modernləşdirilməsi məqsədilə güzəştli kredit almaq niyyətini bildirmiş "XTM" MMC-nin fəaliyyəti ilə tanışlıq olmuşdur. Tədbir çərçivəsində həmçinin, Salyan rayonunda əsas hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən "Ələddin Fermer" MMC-nin və sahibkar Nizami Hüseynovun inşa etdirdikləri soyuducu anbar komplekslərində aparılan tikinti-quraşdırma və tamamlama işlərinə baxış keçirilmişdir. Artıq "Ələddin Fermer" MMC-nin soyuducu anbar kompleksində işlərin yarıdan çoxu görülmüş, sahibkar Nizami Hüseynovun soyuducu anbar kompleksində isə son tamamlama işləri həyata keçirilir.

 

Sonra Hacıqabul şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlamışdır.

 

Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və sahibkarlar ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğının göstərildiyini, sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə xüsusilə regionlarda əlverişli şəraitin yaradıldığını vurğulamışlar. Sahibkarlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər.

 

 "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini Zaur Məmmədov çıxış edərək, qurumun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, Səhmdar Cəmiyyətinin əsas məqsədi ölkə iqtisadiyyatının qeyri-neft sektoruna müddətli investisiya qoyuluşlarının həyata keçirilməsi, yerli və xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsidir.

 

Artıq bir sıra layihələrin həyata keçirilməsində fəal iştirak edən Azərbaycan İnvestisiya Şirkəti ölkə iqtisadiyyatının prioritet istiqamətlərinə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının emalı üzrə kiçik və orta həcmli müəssisələrin yaradılması, müxtəlif çeşidli qablaşdırma məhsullarının istehsalı və alternativ enerji mənbələrinin yaradılması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulunu elan etmişdir.

 

Noyabrın 1-dən etibarən investisiya təkliflərinin qəbuluna başlandığını qeyd edən Zaur Məmmədov elanın şərtləri, investisiya layihələrinin qiymətləndirilməsi meyarları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, sahibkarları fəal iştiraka dəvət etmişdir.

 

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları" barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

 

Tədbirdə regionda sahibkarlığın daha da inkişaf etdirilməsi, sahibkarların işgüzar əlaqələrinin genişləndirməsi istiqamətində müzakirələr aparılmış, onların sualları cavablandırılmış, Fondun vəsaitlərindən istifadə qaydaları barədə broşurlar paylanmışdır. Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi, eləcə də sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək.