“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri davam etdirilir (30/10/2009)
30.10.2009
Oktyabrın 30-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzən rayonlarında fəaliyyət göstərən sahibkarlar üçün "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Xaçmaz rayonunda əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kreditlər hesabına "Bərəkət-1" MMC və sahibkar Vasif Verdiyev tərəfindən inşa etdirilən, hər birinin tutumu 2 min ton olan soyuducu anbar komplekslərində aparılan tikinti işləri ilə tanış olmuşlar. Sonra Xaçmaz şəhərində 300-ə yaxın sahibkarın iştirakı ilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlamışdır. Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və sahibkarlar ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğının göstərildiyini, sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə xüsusilə regionlarda əlverişli şəraitin yaradıldığını vurğulamışlar. Sahibkarlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər. Sonra "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Əfqan İsayev çıxış edərək, qurumun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli Sərəncamı ilə yaradılmış Səhmdar Cəmiyyətin əsas məqsədi ölkə iqtisadiyyatının qeyri-neft sektoruna müddətli investisiya qoyuluşlarının həyata keçirilməsi, yerli və xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsidir. Azərbaycan İnvestisiya Şirkəti bu günlərdə Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərinə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının emalı üzrə kiçik və orta həcmli müəssisələrin yaradılması, müxtəlif çeşidli qablaşdırma məhsullarının istehsalı və alternativ enerji mənbələrinin yaradılması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulunu elan etmişdir. Əfqan İsayev elanın şərtləri, investisiya layihələrinin qiymətləndirilməsi meyarları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, sahibkarları fəal iştiraka dəvət etmişdir. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları" barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Bildirilmişdir ki, yeni Qaydalara uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin verilməsi mexanizmi sadələşdirilmiş, güzəştli kreditlərin faiz dərəcəsi 6%-dək, alınması müddəti 25 günədək azaldılmış, kreditlərin maksimal məbləği isə 5 milyon manata çatdırılmışdır. Bütün bunlar ölkədə, xüsusilə regionlarda sahibkarlığın inkişafını stimullaşdırmaqla, özəl bölmənin inkişafının daha da sürətləndirilməsində, yeni texnologiyaların tətbiqində, rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalının artmasında əhəmiyyətli olacaqdır. Tədbirdə həmçinin, regionda sahibkarlığın daha da inkişaf etdirilməsi, sahibkarların işgüzar əlaqələrinin genişləndirməsi istiqamətində müzakirələr aparılmışdır. Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi, eləcə də sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək.
|