Azərbaycanda gəmiqayırma zavodu inşa olunacaq
20.11.2009
Bu gün İqtisadi İnkişaf Nazirliyində Azərbaycanda gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumunun (Saziş başlıqlarının) imzalanması mərasimi keçirilmişdir. Mərasimi İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev açaraq, layihənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirildiyini vurğulamışdır. Qeyd edilmişdir ki, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanın iqtisadi qüdrəti artmış, ölkəmizdə iri layihələrin reallaşması üçün geniş imkanlar yaradılmışdır. Bakıda iri sərmayə qoyuluşuna əsaslanan gəmiqayırma zavodunun inşası da məhz belə layihələrdəndir. Layihə barədə ətraflı məlumat verən cənab Şahin Mustafayev Anlaşma Memorandumunun (Saziş başlıqlarının) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun şimal-şərqində gəmiqayırma zavodunun inşasını nəzərdə tutduğunu bildirmişdir. Zavodun tikintisi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) birgə yaradacağı müştərək müəssisə həm sifarişçi, həm də zavodun mülkiyyətçisi qismində çıxış edəcək. Layihədə ARDNŞ - 70%, AİŞ isə 30%-lik paya malik olacaq. İmzalanmış sənədə əsasən, Sinqapurun "Keppel Offshore & Marine" şirkəti 10%-lik iştirak payı əldə edə bilər. Bu halda iştirak payı ARDNŞ - 65%, AİŞ - 25% nisbətində dəyişə bilər. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinin 2,5 - 3 ilə başa çatdırılması nəzərdə tutulur. Xəzərdə ilk belə müasir zavodun tikintisi Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində (tankerlər, hərbi gəmilər, sahil təhlükəsizlik gəmiləri, bərələr və yaxtalar) xüsusi əhəmiyyətə malik olacaq. Zavodun tikintisinin ilkin mərhələsində 1000, sonrakı mərhələlərdə isə 1700 yeni iş yerinin açılması nəzərdə tutulur. İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev Azərbaycanda müasir standartlara cavab verəcək gəmiqayırma zavodunun tikintisinin yeni sənaye sahələrinin yaradılmasında, eləcə də mövcud sahələrin inkişafında əhəmiyyətli olacağını diqqətə çatdırmışdır. Zavodun inşası Azərbaycanda mövcud infrastrukturun inkişafı və ölkənin ixrac potensialının artırılmasında da xüsusi önəm kəsb edəcəkdir. Gəmiqayırma zavodunun səmərəli fəaliyyətinin təmin edilməsi üçün işçilərin xaricdə təlim və təcrübə keçməsi, ixtisaslı kadr potensialının yaradılması da nəzərdə tutulur. ARDNŞ-in prezidenti cənab Rövnəq Abdullayev zavodun inşasının Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışmış, layihənin uğurlu icrası nəticəsində ölkəmizin tranzit və yükdaşıma imkanlarının daha da artacağını vurğulamışdır. Sonra Azərbaycanda gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu (Saziş başlıqları) imzalanmışdır. Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, AİŞ-in icraçı direktoru Əfqan İsayev və Sinqapurun "Keppel Offshore & Marine" şirkətinin icraçı direktoru Toinq Çoinq Honq imzalamışlar. Sonda KİV nümayəndələrinin həyata keçiriləcək layihə ilə bağlı sualları cavablandırılmışdır. Qeyd: Layihənin tikinti və istismarı zamanı operator təyin olunacaq "Keppel Offshore & Marine" şirkəti gəmiçilik və qazma qurğuları sahəsində dünyanın aparıcı şirkətlərindəndir. Şirkət Uzaq və Orta Şərqdə, Meksika, Braziliya və Şimal dənizində 20 tərsanə vasitəsilə gəmiçilik xidmətləri göstərir. "Keppel Offshore & Marine" şirkətinin Azərbaycanda da iş təcrübəsi vardır. Belə ki, "Keppel Offshore & Marine" şirkəti 1997-ci ildən ARDNŞ ilə birlikdə "Caspiyan Şipyard Kompani" müştərək müəssisəsini təsis etmiş və 12 il ərzində bir çox layihələri (Qurtuluş və Heydər Əliyev qazma qurğularının tikintisi və s.) uğurla icra etmişdir.
|