2008-ci ilin mart ayında "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC dövlət qeydiyyatına alınmışdır.
22.04.2008
2008-ci ilin mart ayında "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC dövlət qeydiyyatına alınmışdır. Hal hazırda şirkətin maraq göstərdiyi layihələrin biznes planları hazırlanır. Şirkət əsasən logistika, aqro-biznes, biznes və ticarət mərkəzlərin inşası, ofis mebeli istehsalı, mehmanxanaların və soyuducu anbarların tikilməsi sahələrinə maraq göstərir.
"Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" 29 noyabr 2007-ci il tarixində İslam İnkişaf Korporasiyası və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə təsis edilmişdir. Müştərək investisiya şirkəti, şəriət prinsiplərinə zidd fəaliyyət göstərən müəssisələr (spirtli içkilərin, donuz əti məhsullarının istehsalı), habelə ənənəvi maliyyələşdirmə və sığorta xidmətlərini göstərən banklar və sığorta təşkilatları istisna olmaqla, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı müəssisələrə investisiya qoymaq hüququna malikdir.
Müştərək investisiya şirkətinin nizamnamə kapitalının yekun miqdarı iki il ərzində 70 mln ABŞ dolları təşkil edəcəkdir. Azərbaycan İnvestisiya Şirkətinin müştərək investisiya şirkətinin nizamnamə kapitalında iştirak payı həmin müddət ərzində 14 mln (on dörd milyon) ABŞ dolları məbləğində olmaqla, şirkətin səhmlərinin 20%-ni təşkil edəcək. Eyni zamanda layihəyə bir sıra ərəb ölkələrinin özəl investisiya şirkətlərinin vəsaitlərinin də cəlb edilməsi planlaşdırılıb.
|