in English



























Korporativ elektron poçt

@aic.az
login
“Ağstafasüd Kompleksi”nin və “Ağstafa Aqroservis” müəssisəsinin yaradılmasına dair Anlaşma Memorandumları imzalanmışdır
18.12.2009

 

Dekabrın 18-də İqtisadi İnkişaf Nazirliyində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Almaniyanın "RAO AgroMilk" və "RAO Global Group" şirkətləri arasında "Ağstafasüd Kompleksi"nin və "Ağstafa Aqroservis" müəssisəsinin yaradılmasına dair Anlaşma Memorandumlarının imzalanması mərasimi keçirilmişdir.

  

Tədbirdə AİŞ-in icraçı direktoru Əfqan İsayev həyata keçiriləcək layihələr barədə ətraflı məlumat vermişdir. Layihələrin reallaşmasının regionda kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyətini qeyd edən Əfqan İsayev bu layihələrin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirildiyini vurğulamışdır. Qeyd edilmişdir ki, bu gün imzalanan sənədlərə əsasən, Ağstafanın Böyük-Kəsik kəndində 4 təsərrüfatı özündə birləşdirəcək "Ağstafasüd Kompleksi"nin və rayonun Səməd Vurğun qəsəbəsində "Ağstafa Aqroservis" müəssisəsinin yaradılması nəzərdə tutulur.

  

Layihəyə görə, "Ağstafasüd Kompleksi"ndə gündə 50 ton süd istehsal olunacaq, ilk 2 ildə 5 çeşiddə sterilizə olunmuş süd, yoqurt, xama kimi məhsullar hazırlanacaq. Ümumiyyətlə, kompleksdə il ərzində 18 mln. litrdən çox süd məhsullarının istehsalı, həmçinin südlük, ətlik və damazlıq heyvanların yetişdirilməsi nəzərdə tutulur.Müəssisənin fəaliyyətinin 3-cü ilindən isə kompleksdə kərə yağı və digər heyvandarlıq məhsullarının istehsalına başlanacaq. Hesablamalara görə, "Ağstafasüd Kompleksi"ndə illik yem tələbatı 65 min ton təşkil edəcək və bunun 95%-i kompleksdə istehsal ediləcək. Kompleksi yem bazası ilə təmin etmək məqsədilə 2700 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur.

  

İlkin hesablamalara görə, layihənin ümumi dəyəri 30 mln. avro təşkil edəcək. Yaradılacaq "Ağstafasüd Kompleksi"nin ilkin nizamnamə kapitalı 5 mln. avro olacaq. Bu vəsaitin 4 mln. avroluq hissəsini xarici investisiyalar təşkil edəcək. Nizamnamə kapitalında AİŞ-in payı 20% təşkil edəcək.

    

Müəssisənin işçi layihəsinin hazırlanmasını və tikintiyə nəzarəti Almaniya tərəfindən "Wolf System", "SHS Architecture-Engineering Management" şirkətlərinin mütəxəssisləri, Azərbaycan tərəfindən isə "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri həyata keçirəcək. Ümumi dəyəri 3 mln. avro olan ikinci layihəyə əsasən isə, "Ağstafa Aqroservis" müəssisəsinin yaradılması nəzərdə tutulur. "Ağstafa Aqroservis"in nizamnamə kapitalı 1 mln. avro təşkil edəcək. Nizamnamə kapitalında AİŞ-in payı 25% olacaq. Bu müəssisə Ağstafa və ətraf rayonlarda aqrotexniki xidmət göstərəcək. Aqroservis Almaniyanın qabaqcıl "Claas", "Lemken", "Grimme", "Fliegl" və "Rauch" şirkətlərinin kənd təsərrüfatı texnikası, texniki qurğu və avadanlıqları ilə təchiz ediləcəkdir.

   

Tədbirdə "İAK Agrar Consulting" şirkətinin icraçı direktoru Diethard Rudert, "SHS Architecture-Engeneering Management" şirkətinin direktoru Johannes Heinzler və "Ağstafa Aqroservis" layihəsinin hazırlanması  qrupunun rəhbəri Oğul İbrahimov layihələrin əhəmiyyətindən danışmış və uğurlu icrasına ümidvar olduqlarını bildirmişlər.

Sonra "Ağstafasüd Kompleksi" və "Ağstafa Aqroservis" müəssisəsinin yaradılmasına dair Anlaşma Memorandumları imzalanmışdır. Sənədləri Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Almaniyanın "RAO AgroMilk" şirkətinin icraçı direktoru Frits Hofmeister və "RAO Global Group" şirkətinin icraçı direktoru Slava Afanasyev imzalamışlar. Qeyd edilən layihələrin maliyyələşdirilməsində Avropa banklarının kreditindən də istifadə olunacaq.

 

200-dək yeni iş yerinin açılmasına imkan yaradacaq bu layihələrin reallaşdırılması müasir Avropa standartlarına cavab verən, gigiyenik tələblərə uyğun, əldəymədən qablaşdırılan yüksək keyfiyyətli süd və süd məhsulları istehsalının artırılmasında əhəmiyyətli olacaqdır. Tədbirin sonunda KİV nümayəndələrinin layihələrlə bağlı sualları cavablandırılmışdır.