Birləşmiş Ərəb Əmirlikləri - Azərbaycan biznes forumu keçirilmişdir
22.12.2009
Abu-Dabidə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyasının təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirlikləri - Azərbaycan biznes forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, maliyyə, bank, logistika, turizm, tikinti, sənaye, enerji və s. sahələrdə fəaliyyət göstərən 30-dan çox şirkətin nümayəndəsi iştirak etmişdir. Birləşmiş Ərəb Əmirlikləri isə tədbirdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, uyğun sahələrdə fəaliyyət göstərən 40-dan çox şirkətlə təmsil olunmuşdur.
Biznes forumda Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Nazirliyi tərəfindən bu ölkənin investisiya mühiti, AZPROMO tərəfindən isə Azərbaycanın biznes və investisiya imkanları barədə təqdimatlar edilmişdir. Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Biznes forum çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.
Səfər zamanı həmçinin, Azərbaycanlı iş adamlarının Dubay Ticarət və Sənaye Palatasında, Abu-Dabi Sənaye Şəhərciyində, eləcə də Şarja Ticarət və Sənaye Palatasında görüşləri təşkil edilmişdir.
|