in English



























Korporativ elektron poçt

@aic.az
login
“AzAgroExport” MMC müştərək müəssisəsinin təsis müqaviləsi imzalanmışdır
21.01.2010

Yanvarın 21-də İqtisadi İnkişaf Nazirliyində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə "Marcin International" və "MYBA Agro Projects" şirkətləri arasında Xaçmaz rayonunda istixanaların, şitillik, soyuducu anbar, çeşidləmə və qablaşdırma sexinin qurulması layihəsinin həyata keçirilməsi məqsədilə birgə təsis edilən "AzAgroExport" MMC müştərək müəssisəsinin təsis müqaviləsinin imzalanma mərasimi keçirilmişdir.

 

Layihə barədə məlumat verən Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini, yaradılmış əlverişli biznes mühitinin xarici sərmayəçilərdə Azərbaycan iqtisadiyyatına marağı daha da artırdığını vurğulamışdır. Qeyd edilmişdir ki, dövlət başçısının "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" 30 mart 2006-cı il tarixli Sərəncamı ilə yaradılmış "Azərbaycan İnvestisiya Şirkəti" ASC ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşısına qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Daxili istehsalın artırılması, ixracyönümlü və idxalı əvəz edən məhsulların istehsalı, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici investisiyaların yönəldilməsi AİŞ-in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, AİŞ yeni investisiya layihələrinin müəyyənləşdirilməsi üçün yerli və beynəlxalq investorlarla yaxından əməkdaşlıq edir.

 

AİŞ-in Müşahidə Şurasının yanvarın 16-da keçirilmiş iclasında şirkətin Xaçmaz rayonunda inşa olunacaq müasir istixana kompleksi layihəsinə investisiya qoyulması barədə qərar qəbul edilmişdir. Bu layihə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.

 

Ümumi dəyəri 29,5 mln. ABŞ dolları olan layihəyə əsasən, yaradılacaq kompleksə istixanalarla yanaşı, şitillik, çeşidləmə və qablaşdırma sexi, soyuducu anbar və inzibati bina daxildir.

 

Azərbaycan İnvestisiya Şirkətinin və "Marcin International" şirkətinin hər birinin layihədə iştirak payı müvafiq olaraq 36,5%, "MYBA Agro Projects" şirkətinin iştirak payı isə 27%-dir. Layihənin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatına 18,8 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb olunacaqdır. AİŞ-in layihədə investisiya qoyuluşu 10,7 mln. ABŞ dolları təşkil edəcək.

 

Layihəyə əsasən, il ərzində kompleksdə 1,4 mln. şitil, 6 min ton tərəvəz yetişdirilməsi, istehsal olunan məhsulun 75-85%-nin ixrac edilməsi, qalan hissəsinin isə yerli bazarlarda satılması nəzərdə tutulur. Layihə ölkəmizin ixrac potensialının artırılması, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda müsbət imicinin formalaşması və müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir. Layihəyə əsasən, 200-dən çox daimi iş yerinin açılması nəzərdə tutulur.

 

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, müasir istixana kompleksinin qurulması layihəsinin reallaşmasının Xaçmaz rayonunda kənd təsərrüfatının, eləcə də bütünlükdə rayon iqtisadiyyatının inkişafında əhəmiyyətli olacağını bildirmişdir.

 

Tədbirin sonunda KİV nümayəndələrinin layihə ilə bağlı sualları cavablandırılmışdır.