Azərbaycan-Slovakiya biznes forumu keçirilmişdir
15.03.2010
Martın 15-də Bakı Biznes Mərkəzində Slovakiya Respublikasının Xarici İşlər naziri Miroslav Layçakın Azərbaycana rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin təşkilatçılığı ilə biznes forum keçirilmişdir.
Tədbirdə Azərbaycan və Slovakiya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, bank, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkətin nümayəndəsi iştirak etmişdir.
Biznes forumdan əvvəl Slovakiyalı qonaqlar Bakı Biznes Mərkəzində yerli şirkətlərin istehsal etdiyi məhsullardan ibarət sərgi ilə tanış olmuşlar. Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirdə Slovakiya Respublikasının Xarici İşlər naziri Miroslav Layçak, İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikasının Slovakiyadakı səfiri Fuad İsmayılov və Slovakiya Respublikasının Azərbaycandakı səfiri Josef Miqaş çıxış edərək iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat vermişlər.
Tədbirdə həmçinin, AZPROMO və Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyi tərəfindən hər iki ölkənin investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkəti tərəfindən isə qurumun fəaliyyəti ilə bağlı təqdimatlar keçirilmişdir.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Görüşlərdə Azərbaycan və Slovakiyadan olan sahibkarlar arasında qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
|