Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir
08.04.2010
Aprelin 8-də "Qafqaz Point" mehmanxanasında Vyetnam Sosialist Respublikasının Baş nazirinin müavini Hoang Çung Hayın Azərbaycana işgüzar səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan və Vyetnam tərəfdən dövlət rəsmiləri ilə yanaşı, informasiya texnologiyaları, maliyyə, bank, sığorta, turizm, səhiyyə, ticarət, sənaye, tikinti, neft-kimya, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak etmişdir.
Biznes forumda Vyetnam Sosialist Respublikasının Baş nazirinin müavini Hoang Çung Hay və İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat vermiş, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini qeyd etmişlər.
Tədbirdə həmçinin, AZPROMO Azərbaycanın biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkəti qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Vyetnamın Sənaye və Ticarət Palatası isə ölkənin iqtisadi imkanları barədə təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Görüşlərdə sahibkarlar arasında əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
|