Azərbaycan-İtaliya işgüzar əlaqələri genişlənir
26.04.2010
Azərbaycana səfərə gələn İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Adolfo Ursonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-da Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. İtaliyalı qonaqlar görkəmli oftamoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçək dəstələri qoymuşlar.
Sonra qonaqlar Şəhidlər Xiyabanına gəlmiş və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmətlə yad etmişlər.
Həmin gün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatının təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilmişdir.
Azərbaycan və İtaliya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerji və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkətin nümayəndəsinin iştirak etdiyi tədbirdə işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.
Biznes forumda çıxış edən Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov, İtaliya Respublikasının İqtisadi İnkişaf nazirinin müavini Adolfo Urso, bu ölkənin Azərbaycandakı səfiri Mario Baldi və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatının direktoru Massimo Mamberti ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat vermiş, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini qeyd etmişlər.
AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin investisiya mühiti və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Zaur Məmmədov isə qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatlarla çıxış etmişlər.
Sonra biznes forum öz işini iş adamları arasında işgüzar görüşlərlə davam etdirmişdir.
Tədbirin sonunda iqtisadi əməkdaşlığının gələcək istiqamətlərinə dair sənəd imzalanmışdır. Sənədi İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Adolfo Urso və Azərbaycanın İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov imzalamışlar.
Sənəddə ölkələrimiz arasında ticarətin inkişafı, iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə müəssisələrin yaradılması, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı, eləcə də sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların cəlb edilməsi və s. sahələrdə əməkdaşlığın inkişafı nəzərdə tutulur.
|