Bakıda Azərbaycan - Stavropol biznes forumu keçirilmişdir
27.04.2010
Aprelin 27-də Rusiya Federasiyasının Stavropol diyarının qubernatoru Valeri Qayevskinin Bakıya səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Stavropol diyarı Qubernatorluğunun təşkilatçılığı ilə Azərbaycan-Stavropol biznes forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan tərəfdən dövlət rəsmiləri ilə yanaşı, 80-ə yaxın şirkətin nümayəndəsi iştirak etmişdir. Stavropol diyarı isə biznes forumda dövlət qurumlarının nümayəndələri, eləcə də sənaye və energetika, kənd təsərrüfatı, turizm, inşaat, təhsil və digər sahələrdə fəaliyyət göstərən iş adamları da daxil olmaqla 130-a yaxın nümayəndə ilə təmsil olunmuşdur.
Biznes forumda Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov açılış nitqi ilə çıxış etmişdir. Stavropol diyarının qubernatoru Valeri Qayevski, Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək, mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə məlumat vermiş, biznes forumun iş adamları arasında əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd etmişlər.
Sonra Stavropol diyarının ticarət-iqtisadi potensialı barədə film-təqdimat nümayiş olunmuşdur. Stavropol diyarının sənaye, energetika, rabitə və nəqliyyat, qida və emal sənayesi, ticarət, kənd təsərrüfatı sahələri üzrə nazirlik və komitələrinin rəhbərləri çıxış edərək, diyarda dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına böyük marağın olduğunu vurğulamış, uyğun sahələrdə əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağını qeyd etmişlər.
Biznes forumda AZPROMO-nun prezidenti Adil Məmmədovun Azərbaycanın biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Zaur Məmmədovun qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatları rusiyalı iş adamları tərəfindən maraqla qarşılanmışdır.
Tədbir Azərbaycanın və Stavropol diyarının iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmişdir. Görüşlərdə sahibkarlar arasında konkret sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
|