Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdə olmuşdur
30.04.2010
Aprelin 29-da Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər etmişdir.
Nümayəndə heyətinə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları daxil idi.
Əvvəlcə Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Heydər Əliyev meydanına gələrək Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, büstünün önünə əklil qoymuşlar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev Gürcüstan Respublikasının Baş naziri cənab Nikoloz Gilauri və İqtisadi İnkişaf naziri cənab Zurab Pololikaşvili ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan və Gürcüstan arasındakı iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı ikitərəfli Protokol imzalanmışdır. Sənədi Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev və Gürcüstan Respublikasının İqtisadi İnkişaf naziri cənab Zurab Pololikaşvili imzalamışlar.
Gürcüstana səfər çərçivəsində Tbilisidə, daha sonra isə Marneuli rayonunda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Fondun Gürcüstandakı nümayəndəliyinin və bu ölkənin İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və Gürcüstan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, bank, informasiya-kommunikasiya texnologiyaları, energetika, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişdir.
Biznes forumda çıxış edən İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində əldə edilmiş uğurlar barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan-Gürcüstan əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Gürcüstan Respublikasının Prezidenti cənab Mixail Saakaşvilinin siyasi iradəsi və birgə səyləri nəticəsində davamlı olaraq inkişaf edir. Azərbaycan və Gürcüstan dünya əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihələrinin əsas tərəfdaşlarındandır. Bu irimiqyaslı strateji layihələr regionun inkişafına müsbət təsir göstərməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı baxımından əhəmiyyətlidir. Bununla belə, Cənub Qafqaz regionu yeni layihələri keçirilməsi üçün böyük iqtisadi potensiala malikdir. Lakin regiondakı seperatçılıq meyilləri regional səviyyədə əməkdaşlığın genişləndirilməsinə mənfi təsir göstərir.
Bununla belə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Gürcüstanda müxtəlif layihələrin həyata keçirilməsinə təqribən 400 mln. ABŞ dollarına yaxın investisiya yatırılmışdır. Təsadüfi deyildir ki, ARDNŞ-in Gürcüstanda fəaliyyət göstərən müəssisəsi bu ölkədə "İlin investoru" adına layiq görülmüşdür.
Azərbaycan-Gürcüstan əməkdaşlığı sahibkarların əlaqələrinin daha da genişlənməsində də özünü göstərir. Hazırda Gürcüstanda azərbaycanlı iş adamları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində yaradılmış 100-dən çox şirkət fəaliyyət göstərir. İş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi və Azərbaycan şirkətlərinin Gürcüstanda fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilməsi məqsədilə 2009-cu ildə AZPROMO-nun Tbilisi şəhərində nümayəndəliyi açılmışdır. Cənab Şahin Mustafayev qarşılıqlı səfərlərin, biznes forum və işgüzar görüşlərin bundan sonra da ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını qeyd etmişdir.
Tədbirdə çıxış edən Gürcüstanın İqtisadi İnkişaf naziri cənab Zurab Pololikaşvili iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı məlumat vermiş, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Namiq Əliyev, eləcə də Azərbaycan və Gürcüstandan olan iş adamları ölkələr arasında əməkdaşlığın inkişaf etdiyini, biznes forumların və müxtəlif tədbirlərin əlaqələrin daha da intensivləşməsinə töhfə verəcəyini qeyd etmişlər.
Biznes forumda AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkəti tərəfindən qurumun fəaliyyəti və həyata keçirilən layihələr, Gürcüstan tərəfindən isə bu ölkənin iqtisadi potensialı və investisiya mühiti barədə təqdimatlar keçirilmişdir.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Gürcüstan Sahibkarlar Assosiasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Gürcüstan Milli İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Gürcüstanda fəaliyyət göstərən Azərbaycan İşgüzar Birliyinin ("AZEBİ") üzvləri, həmçinin Kvemo Kartli bölgəsinin başçısı cənab David Kirkitadze ilə görüşmüşdür. Dumanisi rayonuna gələn Azərbaycan nümayəndə heyəti "Bazalt Aqroservis", "Bazalt Konstruksiya" müəssisələrində olmuş, orta məktəbdə aparılan təmir-tikinti işlərinin gedişi ilə tanış olmuşlar. Bundan başqa, yeni tikiləcək Süd Zavodu layihəsinin təqdimatı keçirilmişdir. Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə Dmanisi rayonunda yaradılmış və müasir texniki avadanlıqlarla təchiz olunmuş Heydər Əliyev Mərkəzində olmuşlar. Azərbaycan nümayəndə heyəti həmçinin, Marneuli rayonunda Olimpiya Mərkəzi, "Bazalt Konstruksiya" Şirkətinin bu rayonda inşa etdirdiyi istehsal müəssisəsi və müəssisənin yaratdığı xidmət sahələri ilə tanış olmuşlar. Nümayəndə heyəti Bolnisi rayonunda Dövlət Neft Şirkətinin yanacaq doldurma məntəqəsi, Rustavidəki yanacaq kompleksində olmuş, "SOCAR Georgia" şirkətinin qeyd edilən obyektlərinin fəaliyyəti və xidmət sahəsində yaradılan müəssisələri ilə tanış olmuşlar.
|