in English





























Korporativ elektron poçt

@aic.az
login
Azərbaycanın iqtisadi uğurları ABŞ-da maraqla qarşılanıb
05.05.2010

25-30 aprel tarixlərində ABŞ-ın Los-Anceles şəhərində Milken İnstitutunun illik Konfransı (Milken Institute Global Conference) keçirilmişdir. Konfransda ölkəmizi Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev təmsil etmişdir.

Tədbirdə çıxış edən Əfqan İsayev ölkə rəhbərliyinin kənd təsərrüfatının, alternativ enerji mənbələrinin, turizmin, yeni texnologiyaların və qeyri-neft sektorunda istehsal müəssisələrinin inkişafına xüsusi önəm verdiyini bildirmiş, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli investisiya mühiti, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, iqtisadiyyatın diversifikasiyası üzrə həyata keçirilən tədbirlər  barədə məlumat vermişdir.

Konfrans çərçivəsində aprelin 29-da İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə "Enerji sərvətindən qeyri-neft sektorunun inkişafı üçün istifadə olunması: Azərbaycanın uğurlu nümunəsi" mövzusunda Dəyirmi Masa keçirilmişdir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində dünyada baş verən iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatı 2009-cu ildə dinamik inkişaf etmiş və bu inkişaf 2010-cu ildə də davam edir. Dəyirmi Masada ölkəmizdə iqtisadi inkişafın daha da sürətləndirilməsi üçün konkret dövlət proqramlarının qəbul edildiyi və onların uğurla icra olunduğu vurğulanmışdır. Azərbaycanın əldə etdiyi iqtisadi uğurların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyi qeyd edilmişdir.   

Milken İnstitutunun, beynəlxalq maliyyə qurumlarının və xarici investisiya şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşlərdə Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti, məqsədləri və icra olunan layihələr haqqında ətraflı məlumat verilmiş, Azərbaycan İnvestisiya Şirkəti və Milken İnstitutu arasında iqtisadiyyat və sənaye sahələrində birgə araşdırmaların aparılması ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilmişdir. Bir sıra beynəlxalq maliyyə qurumlarının və xarici investisiya şirkətlərinin rəhbərləri ilə görüşlərdə isə Azərbaycanın qeyri-neft sektorunda layihələr və həmin qurumların bu layihələrdə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə iştirak perspektivləri istiqamətində fikir mübadiləsi aparılmışdır.

   

Qeyd: Milken İnstitutu ABŞ-ın iqtisadi sahələr üzrə ixtisaslaşmış aparıcı analitik mərkəzlərindən biridir. İnstitutun illik konfranslarında dünyanın iri beynəlxalq maliyyə qurumlarının və investisiya şirkətlərinin nümayəndələri iştirak edir.