Azərbaycan-Serbiya biznes forumu keçirilmişdir
13.05.2010
Mayın 13-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan və Serbiya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, enerji, əczaçılıq, neft və kimya, tikinti, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak etmişdir.
Biznes forumda İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov və Serbiya Respublikasının İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin nümayəndəsi, dövlət katibi Siric Neboyja çıxış edərək iki ölkə ara mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat vermiş, işgüzar görüşlərin əhəmiyyətini vurğulamış, iş adamlarını əlaqələri daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət etmişlər.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Serbiyanın Biznes Assosiasiyasının prezidenti Branislav Qrujiç ölkənin iqtisadi imkanları barədə təqdimatlarla çıxış etmişlər.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.
|