Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir
19.07.2010
İyulun 19-da Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan və Almaniya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, maliyyə, neft-qaz, alternativ enerji, maşınqayırma və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Kənd Təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndəsi Andreas Neuman və Almaniyanın Azərbaycandakı səfirinin daimi nümayəndəsi Peter Siqler iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat vermiş, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulamışlar.
AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin investisiya mühiti və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorun müavini Zaur Məmmədov qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, DAWF-nin İdarə Heyəti sədrinin müavini Aleksandr Androviç isə qurumun Azərbaycanda fəaliyyəti barədə təqdimatlarla çıxış etmişlər.
Biznes forum çərçivəsində Almaniya şirkətlərinin təqdimatları, eləcə də iş adamları arasında işgüzar görüşlər keçirilmişdir.
|