|
Azərbaycanın strateji coğrafi mövqeyi Azərbaycan çox mühüm bir coğrafi-strateji mövqeyə malikdir. Bunun həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Bu baxımdan, Azərbaycan bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, tarixi Böyük İpək Yolunun bərpa olunması sahəsində - TRACECA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak etmişdir.
Azərbaycan Respublikasının TRACECA Proqramında iştirakı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır. Ölkə iqtisadiyyatına sərmayələrin cəlb edilməsi məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Bununla əlaqədar neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna da xarici sərmayələrin cəlb edilməsi üçün bir sıra tədbirlər aparılır.
Birinci minillikdən başlayaraq ikinci minilliyin ortalarına qədər İpək Yolu kimi tanınan nəhəng ticarət marşrutları şəbəkəsi Avropa və Asiya xalqlarını və ənənələrini bir-biri ilə əlaqələndirirdi. Bu tarixi marşrutlar qiymətli əşyaların, informasiya və biliklərin Şərq və Qərb arasında nəqli üçün əsas ötürücü dəhliz idi və dünyada ilk dəfə olaraq, İpək Yolu ölkələrinin elmi və mədəni ənənələrinin mübadiləsinə səbəb oldu. İpək Yolunun ticarət marşrutları Çin, Yaponiya, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçməklə genişlənirdi. Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da Ipək Yolunun bir hissəsi kimi baxmaq olar.
Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. |