|
Azərbaycan
Ümumi məlumat
Rəsmi adı: Azərbaycan Respublikası
Paytaxt: Bakı şəhəri
Pul vahidi: manat
Milli domen: .az
Beynəlxalq telefon kodu: +994
Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km-dir. Azərbaycan 44 və 52 dərəcə şərq uzunluq dairəsi, 38 və 42 dərəcə şimal en dairəsi coğrafi koordinatları arasında yerləşir. Azərbaycanın ümumi sərhədləri: cənubda İranla 765 km, Türkiyə ilə 15 km, şimalda Rusiya ilə 390 km, şimal-qərbdə Gürcüstanla 480 km, qərbdə Ermənistanla 1007 km. Sahil xəttinin uzunluğu 713 km–dir.
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. O, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bakı 40-cı paraleldə yerləşir.
Azərbaycan Respublikasının əhalisi (01.01.2007-ci il) 8 milyon 593 min nəfərdir.
Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dili statusuna malikdir. Azərbaycan dili dünyanın müxtəlif qitələrində yaşayan 30 milyondan çox azərbaycanlının ana dilidir.
Azərbaycanda islam dini ilə yanaşı, xristianlığın pravoslav, katolik və protestant konfessiyaları, həmçinin iudaizm məzhəbi də təmsil olunmuşdur.
Azərbaycan dövləti özünün konstitusiyasına görə demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikasıdır. Hakimiyyət sistemi hakimiyyətin qanunverici, icra və məhkəmə qollarına bölünməsi prinsipi ilə tənzimlənir. Azərbaycanın siyasi sistemində yerli özünüidarə orqanları – bələdiyyələr müəyyən yer tutur. Azərbaycanın partiya–siyasi sistemi plüralizmlə səciyyələnir.
Azərbaycan aşağıdakı beynəlxalq təşkilatların üzvüdür:
· Birləşmiş Millətlər Təşkilatı (BMT)
· Müstəqil Dövlətlər Birliyi (MDB)
· Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
· Avropa Şurası (AŞ)
· Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM
· İslam Konfransı Təşkilatı (İKT)
· Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT)
· İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)
Azərbaycan Avropa İttifaqı, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla əməkdaşlıq edir.
|