XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin keçmiş direktoru İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin keçmiş direktoru İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) keçmiş direktoru Rövşən Çingiz oğlu Nəcəf  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Yeni təyinatadək R.Nəcəf Azərbaycan Vergilər Nazirliyi yanında Maliyyə Monitorinqi Xidmətinin (MMX) rəhbəri, eləcə də Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət şöbəsinin rəhbəri kimi fəaliyyət göstərmişdir.

 Qeyd edək ki, R.Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamışdır. 2003-cü ildən etibarən İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2008-2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsində fəaliyyət göstərib. 2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini və müdiri, daha sonra nazirin köməkçisi kimi işləyib. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifəsində çalışıb.

R.Nəcəf 3-cü dərəcəli dövlət müşaviri və iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və “Təmiz Şəhər” ASC-də Müşahidə Şurasının sədridir.