Azərbaycan Respublikası ərazisində dağ-mədən sənayesinin inkişafına töhfə vermək məqsədi ilə 17 dekabr 2020-ci il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, qurumlar arasında dağ-mədən sahəsində perspektivli layihələrin araşdırılması və onların maliyyələşdirilməsi məqsədilə investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
Anlaşma Memorandumu 3 il müddətinə imzalanmışdır.
Məlumat üçün: "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılıb.
AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli Fərmanı ilə yaradılmış Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaradılmasında əsas məqsəd isə yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, habelə mineral xammal sahəsinin inkişafını təmin etməkdir.