14 iyul 2021-ci il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, qurumlar arasında ortaq maraq və fəaliyyət istiqamətinə əsaslanan birgə layihələrin həyata keçirilməsi məqsədilə qarşılıqlı əlaqələrin genişləndirilməsi nəzərə tutulur.
Anlaşma Memorandumu 3 il müddətinə imzalanmışdır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın əsas dəmir yolu və magistral yollarının birləşdiyi Ələt qəsəbəsində, Bakı şəhərindən 70 kilometr cənubda yerləşir. Bu limandan istifadə edərək Asiyadan gələn yüklər birbaşa Bakı - Tbilisi - Qars (BTQ) dəmir yoluna qoşulur və bir həftədən az müddətdə Avropaya çatır. Əlverişli yerləşməsinə görə liman Xəzər hövzəsindəki ən böyük nəqliyyat və logistika mərkəzinə çevrilir və şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərini tam işləməsini təmin edərək Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradacağını vəd edir.
Məlumat üçün bildirək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılıb.
AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.