Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdə olub.
Ölkəmizi təmsil edən nümayəndə heyəti tərkibində “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nın icraçı direktoru Ülvi Mansurov da iştirak etmişdir.
Səfər çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyəti və Özbəkistan Respublikasının bir neçə yüksək səviyyəli dövlət rəsmiləri arasında bir sıra görüşlər keçirilib. Görüşlər zamanı ticarət, investisiya, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin gücləndirilməsi imkanlarını qeyd edilib, Özbəkistan iş adamları Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması layihələrində iştiraka dəvət olunublar.
Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılması, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi, birgə investisiya fondunun yaradılması, eləcə də Daşkənddə Azərbaycan və Özbəkistan regionları arasında birinci forumun və yerli məhsulların nümayiş etdiriləcəyi sərginin təşkili barədə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı AİŞ-in icraçı direktoru Ü.Mansurov Özbəkistana səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında iştirak edib.
Ü.Mansurov həmçinin Azərbaycan nümayəndə heyəti ilə Daşkənddə fəaliyyət göstərən “Global textile” müəssisəsinə ziyarət zamanı “Uztekstilprom” Assosiasiyasının sədri İlxom Haydarovla və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşüb.

