XƏBƏRLƏR ƏLAQƏ

AİŞ və “Balxurma” MMC arasında investisiya müqaviləsi imzalanıb

Müqaviləyə əsasən  100-dək yeni iş yerinin açılması nəzərdə tutulur

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə “Balxurma” MMC arasında investisiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, AİŞ tərəfindən “Balxurma” MMC-yə meyvə qurutma xətti üzrə istehsal həcminin artırılması üçün 4 mln. manat investisiya yatırılması planlaşdırılır. Bu investisiya qoyuluşundan sonra müəssisənin istehsal gücünün illik 200 tondan 600 tona yüksəlməsi gözlənilir. Ümumi dəyəri 16 mln. manat olan layihədə AİŞ-in payı 25% təşkil edəcək ki, bunun əsasında orta hesabla, 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Balakən rayonunda yerləşən, “Balkhoorma” brendi ilə tanınan Quru meyvələrin istehsalı zavodu 2016-cı ildən fəaliyyət göstərir. “Balxurma” MMC-yə məxsus zavod İtaliya, Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlarla təchiz olunub. Müəssisənin nəzdində müasir standartlara cavab verən yuyulma, soyulma, soyutma və qablaşdırma kimi istehsal xətləri mövcuddur. İstehsal olunan məhsullar yerli bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi ilə Almaniya, Niderland, Litva, Belarus, Rusiya, Ukrayna, Malayziya, BƏƏ və Yaponiyaya ixrac olunur.

Qeyd: "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası Prezidentinin "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinin yüksəlməsi və həcmlərin artması məqsədilə investisiya qoyuluşları etmək və  qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.