XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

Azad edilmiş ərazilərimizdə biznes imkanlarına dair tədbir keçirilib

Azad edilmiş ərazilərimizdə biznes imkanlarına dair tədbir keçirilib

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbir keçirilib. 100-dən çox sahibkarın, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə görülən işlərə, özəl sektorun inkişafı məqsədilə həyata keçirilən tədbirlərə  həsr olunmuş film nümayiş edilib.

İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, buradakı sənaye parkları, biznes üçün yaradılan əlverişli şərait barədə məlumat verib. Qeyd edilib ki, özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunun artırılması hədəflənir. Bundan başqa, bölgədə biznes qurmaq istəyən sahibkarların maliyyə imkanlarına çıxışı İqtisadiyyat Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir, eləcə də banklarla bu sahədə birgə mexanizmin hazırlanması gündəmdədir. Daha bir stimul isə azad edilmiş ərazilərdə ölkədə istehsal edilməyən məhsul istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulun alışının təşkil edilməsidir ki, bunun da üzərində iş aparılır.    

Nazir sahibkarları Qarabağ və Şərqi Zəngəzurda biznes imkanlarından səmərəli şəkildə yararlanmaqda və bölgənin iqtisadi reinteqrasiyasına töhfə verməkdə fəal olmağa dəvət edib: “Hər qarışı bizə doğma olan bu torpaqların dirçəlişi üçün dövlət-özəl sektoru olaraq bərabər çalışmalıyıq. Sahibkarlarımızın həmrəylik və birlik kimi milli dəyərlərimizə sadiq qalaraq Qarabağın iqtisadi yüksəlişinə töhfə verəcəyinə ürəkdən inanırıq”.

Tədbir panel müzakirələrlə davam edəcək.