17-18 aprel tarixlərində Pekin şəhərində Çin və Azərbaycan arasında sənaye və investisiya sahəsində əməkdaşlığın inkişafına həsr olunmuş Çin-Azərbaycan sənaye və investisiya təşviqi konfransı keçirilib. Tədbir Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəliyi və Çinin Milli İnkişaf və İslahat Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin keçirilmə məqsədləri Azərbaycanın əlverişli investisiya mühitini tanıtmaq, xarici investorlarla birbaşa əlaqələr qurmaq, iki ölkə arasında strateji iqtisadi tərəfdaşlığı möhkəmləndirmək və uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaratmaq olub. Təxminən 250 nəfərin – o cümlədən rəsmi şəxslərin, biznes nümayəndələrinin və potensial investorların qatıldığı konfrans Azərbaycan ilə Çin arasında iqtisadi münasibətlərin gücləndirilməsinə töhfə verən önəmli platformaya çevrilib.
Konfransda “Azərbaycan İnvestisiya Şirkəti” ASC-ni təmsil etmiş icraçı direktorun müavini Yasin Cəlilov bir sıra görüşlərdə iştirak edib. Görüşlər zamanı AİŞ nümayəndəsi Azərbaycanda avtomobil sənayesində həyata keçirilməsi planlaşdırılan layihə ilə bağlı bir sıra şirkətlərlə yanaşı, “Dare Wheel Manufacturing Co. Ltd” şirkəti ilə danışıqlar aparıb. Bu danışıqlar yerli istehsalatın gücləndirilməsi və yeni sənaye sahələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Azərbaycan tərəfindən Çin tərəfinə 13 investisiya layihəsi təqdim edilib. Eyni zamanda iştirakçılar Azərbaycanın yerli qurumlarının təqdim etdiyi investisiya imkanları, güzəştlər və imtiyazlar barədə ətraflı məlumat alıblar. Konfransda həmçinin Azərbaycanda artıq fəaliyyət göstərən və investisiya yatırmaq istəyən Çin şirkətlərinin nümayəndələri öz layihələri və təşəbbüsləri barədə təqdimatlarla çıxış ediblər.

