Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı iqtisadi inkişafının təmin olunması istiqamətində mühüm addımlar atmaqda davam edir. Bu məqsədə sadiq qalaraq, AİŞ həmin regionlarda reallaşdırılan bir sıra strateji layihələrə investisiya yatırmışdır. Bu layihələrdən biri də AİŞ-in 2024-cü ildə investisiya yatırdığı Ağdam Sənaye Parkında yerləşən “Bafco İnvest” MMC-dir.
BAFCO region üçün əhəmiyyətli istehsal müəssisələrindən biridir. Almaniyanın müasir “Desma” avadanlığı ilə təchiz olunmuş zavod, ildə 510 min cüt xüsusi təyinatlı işçi ayaqqabısı və poliuretan materialından çəkmə istehsal etmə gücünə malikdir. Zavod 2024-cü ilin aprel ayından istehsalat fəaliyyətinə başlamış və hazırda burada 65 nəfər daimi işlə təmin olunmuşdur. Gələcəkdə istehsal gücünün artırılması ilə əlaqədar yeni iş yerlərinin yaradılması da nəzərdə tutulur.
Şirkət məhsullarını müxtəlif sənaye sahələrində çalışan işçilərin təhlükəsizlik və rahatlıq ehtiyaclarını maksimum səviyyədə təmin etmək məqsədilə hazırlayır. Qeyd etmək lazımdır ki, BAFCO tərəfindən istehsal olunan məhsulların keyfiyyəti EN ISO 20345:2022, EN ISO 20347:2022, ISO 9001:2015, ISO 45001:2018 və ISO 14001:2015 kimi nüfuzlu beynəlxalq sertifikatlarla təsdiqlənmişdir. Beləlikə, BAFCO yerli bazarla yanaşı, ixrac istiqamətində də fəaliyyətini genişləndirməkdədir. Artıq Qazaxıstan, Rusiya və digər ölkələrin şirkətləri ilə ixrac müqavilələri imzalanmış və məhsulların xarici bazarlara çıxarılması istiqamətində praktiki addımlar atılmışdır.
Azərbaycan İnvestisiya Şirkətinin bu cür təşəbbüsləri, təkcə işğaldan azad olunmuş ərazilərin iqtisadi canlanmasına deyil, həm də ölkənin sənaye potensialının gücləndirilməsinə dəstək göstərir.





