30 aprel 2025-ci il tarixində Londonda Azərbaycan və Böyük Britaniya arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın (BHK) 7-ci iclası keçirilib. Tədbir hər iki ölkədən yüksək səviyyəli nümayəndələri bir araya gətirərək 20-dən çox iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsini hədəfləyib.
Azərbaycan nümayəndə heyətinə energetika naziri cənab Pərviz Şahbazov rəhbərlik edib. O, Prezident İlham Əliyevin Böyük Britaniya ilə əlaqələrin dərinləşdirilməsinə verdiyi strateji əhəmiyyəti vurğulayaraq, bu ölkənin Azərbaycanın ən iri xarici investoru olduğunu və yatırılmış investisiyaların 37 milyard ABŞ dollarını keçdiyini bildirib.
Təxminən 30 dövlət qurumunun qatıldığı iclasda tənzimləyici mühit, enerji keçidi, iqtisadi diversifikasiya və infrastruktur kimi mövzular müzakirə edilib.
Keçirilmiş tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktor müavini cənab Yasin Cəlilov da iştirak edib. Onun iştirakı AİŞ-in innovasiya, investisiya və beynəlxalq əməkdaşlığın təşviqində artan rolunu əks etdirib.
Vaksin İnkişafı və Səhiyyədə İnnovasiya
Komissiyanın əlavə tədbirləri çərçivəsində cənab Cəlilov GSK və Randox şirkətlərinin Britaniyadakı ofislərində keçirilən görüşlərdə iştirak edib. Bu müzakirələr Azərbaycanda vaksinasiya təşəbbüslərinin gücləndirilməsi, vaksin istehsalının lokallaşdırılması və regional paylama tərəfdaşlıqlarının yaradılması mövzularına həsr olunub.
Görüşlər Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in iştirakı ilə, hər iki ölkənin səfirlərinin qatılımı ilə baş tutub.
Gələcəyin Maliyyələşdirilməsi: Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Qurumu ilə Görüş
AİŞ, həmçinin Böyük Britaniyanın rəsmi ixracın maliyyəlləşdirilməsi qurumu olan UK Export Finance (UKEF) ilə ikitərəfli görüşdə iştirak edib. Görüş zamanı Azərbaycanda prioritet sahələr üçün maliyyələşdirmə imkanları və bu sahədə Böyük Britaniya - Azərbaycan əməkdaşlığının dayanıqlı inkişafa verdiyi töhfələr müzakirə edilib.
Karbon İnnovasiyalarının Sürətləndirilməsi
Cənab Cəlilov “Carbonbit Technologies” şirkətinin baş direktoru ilə görüş keçirib. Görüş COP29 çərçivəsində Bakıda imzalanmış Anlaşma Memorandumunun davamı olaraq keçirilib. Tərəflər Azərbaycanda karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması üzrə praktiki ssenariləri müzakirə ediblər və əməkdaşlığın növbəti mərhələsini formalaşdırmaq üçün konkret təkliflər irəli sürüblər.

