25 oktyabr 2023-cü il tarixində “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mərasimdə memorandumu “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktoru Ülvi Mansurov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi Sanat Nareşkumar Vaviya imzalayıblar.
Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd Azərbaycan-Hindistan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkanlarının öyrənilməsi, birgə şirkətin yaradılması və fəaliyyətinin təşkil edilməsidir.
Layihənin uğurlu icrası nəticəsində yeni istehsal sahələri, iş yerləri yaranacaq, yeni növ məhsulların ixracı, idxalı həyata keçiriləcək. Bu, qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda payının artmasına, ölkəmizin zərgərlik sənayesinin çoxşaxəli inkişafına da öz müsbət təsirlərini göstərəcək.
Tədbirdə, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Z.İbrahimov, Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Muxtar Babayev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktoru Ü.Mansurov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi S.N.Vaviya çıxış edərək, ilkin mərhələdə sintetik almaz istehsalı üzrə Ələt Azad İqtisadi Zonasında yaradılması nəzərdə tutulan birgə müəssisənin fəaliyyəti ilə Azərbaycan üçün ənənəvi olmayan sektorun təməlinin qoyulacağına diqqət çəkiblər.
Qeyd edək ki, Hindistanın “Devngi İnnovations LLP” şirkəti sintetik almaz sənayesində geniş təcrübəyə malik olmaqla, CVD (kimyəvi buxarçökmə texnologiyası ilə yetişdirilən sintetik almazlar) almazlarının istehsalçısıdır.