“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ölkəmizdə keçirilən COP29 çərçivəsində ölkənin yaşıl iqtisadiyyatının gücləndirilməsinə töhfə verən layihələrin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlarla mühüm razılaşmalar imzalayıb. Razılaşmalar dayanıqlı inkişaf və innovasiyaların təşviqinə yönəlib.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “SOCAR Downstream” (SDM) və “Technip Energies Italy S.P.A (TEN)” tərəfindən yaradılmış “Ecostar Green” MMC-nin nizamnaməsi imzalanıb. Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilib: AİŞ - 30%, SDM – 35 % və TEN - 35%. Bu tərəfdaşlıq tullantıların idarə edilməsi və təmiz enerji sahəsində qabaqcıl həlləri təşviq etmək məqsədilə enerji, mühəndislik və investisiya sektorlarında əsas oyunçuların təcrübə və resurslarını bir araya gətirir.
"Ecostar Green" MMC plastik tullantılardan piroliz yağı istehsal etmək üçün “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsini (FEED) həyata keçirəcək Bu innovativ texnologiyadan istifadə etməklə layihə ən aktual qlobal problemlərdən birini - plastik tullantı problemini həll etmək məqsədi daşıyır, eyni zamanda, yanacaqdan asılılığı azaltmaq məqsədilə alternativ enerji mənbəyi təmin edir.
Ümumi dəyəri 97 milyon avro olan layihənin həyata keçirilməsi Azərbaycanda tullantıların idarə edilməsinə və alternativ enerji mənbələrinin inkişafına dəstək verəcək. Eyni zamanda, sənaye məhsullarının müxtəlifliyini və davamlılığını artırmaqla ölkənin təbii ehtiyatlarından daha səmərəli istifadə etməsini təmin edəcək.




