COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində layihə üzrə Azərbaycan Respublikası Energetika Naziri Pərviz Şahbazov tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Global bp-nin İcraçı Direktoru Murray Auchincloss tərəfindən təmsil olunan “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti (SJSL) arasında İnvestisiya Müqaviləsi, habelə Azərbaycan Respublikası Energetika Nazirliyi ilə SJSL şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi imzalanıb. Təməl qoyulma münasibətilə stansiyanın ilk günəş paneli rəmzi olaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin, ARDNŞ-nin (SOCAR), bp-nin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) rəsmiləri tərəfindən imzalandı.
SJSL Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində AİŞ, SOCAR və bp arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsi üzrə Səhmdar Sazişinin imzalanması ilə yaradılmış birgə müəssisədir. “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkətinin səhmdarları bp, SOCAR və AİŞ olmaqla, bu layihəyə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir.
“Şəfəq” GES-in ildə təxminən 500 milyon kilovat/saat enerji istehsal edəcəyi nəzərdə tutulur. Bu, 120-150 milyon kubmetr təbii qaza qənaət etməyə və 260-330 min ton karbon emissiyasının azaldılmasına səbəb olacaq. Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) vasitəsilə, stansiyada istehsal olunan enerji Cəbrayıl rayonundakı elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Bu proses, Səngəçalın enerji ehtiyaclarını bərpa olunan enerjidən təmin etməklə, həmçinin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına kömək edəcək.
AİŞ-in “Şəfəq” layihəsində iştirakı, yalnız iqtisadi baxımdan deyil, eyni zamanda Azərbaycanın yaşıl enerji sektoru və ekoloji davamlılıqla bağlı müəyyən etdiyi hədəflərə çatmaq baxımından da böyük əhəmiyyət kəsb edir.




