“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) dəstəyi ilə həyata keçirilən layihələr, yerli istehsalçıların məhsullarını dünya bazarlarına çıxarmağa kömək edir, ölkənin yerli istehsal sahəsinin inkişafına təkan verir və Azərbaycanda dayanıqlı iqtisadi inkişafı təşviq edir. AİŞ-in fəaliyyəti, yalnız iqtisadi inkişafla bağlı deyil, eyni zamanda sosial məsuliyyət daşıyan və ətraf mühitin qorunmasına yönəlmiş layihələrə də diqqət yetirir. Bu layihələrdən biri də AİŞ-in 2022-ci ildə investisiya yatırdığı Azərbaycanın Balakən rayonunda yerləşən BALKHOORMA qurudulmuş meyvə emalı müəssisəsidir.
2016-cı ildən etibarən fəaliyyət göstərən Balkhoorma şirkəti Azərbaycanın dünya üzrə aparıcı xurma istehsalçılarından biri olması ilə fəxr edir və əsas məhsulu kimi premium keyfiyyətli qurudulmuş xurma istehsal edir. Yerli fermerlərdən əldə olunan xurmanın emalında ən müasir texnologiyalar tətbiq olunur, bu da məhsulun qida dəyərlərini qorumağa və uzun müddət saxlanılmasına imkan verir.
İllər ərzində Balkhoorma öz məhsul çeşidini artıraraq alma, çiyələk, gavalı və digər meyvələrin qurudulması istiqamətində də fəaliyyətini genişləndirib. Məqsədimiz təkcə Azərbaycan məhsullarını dünyaya tanıtmaq deyil, eyni zamanda regionun kənd təsərrüfatı potensialını tam istifadə edərək ərzaq israfını azaltmaq və dayanıqlı inkişafı dəstəkləməkdir.
Balkhoorma hazırda Balakən-Zaqatala bölgəsində 300 nəfərə qədər yerli sakini daimi işlə təmin edir. Şirkət bölgədə sosial-iqtisadi inkişafın əsas iştirakçılarından biri kimi çıxış edir, gənclər üçün yeni iş imkanları yaradır və onların peşəkar bacarıqlarının artırılmasına dəstək verir. Gələcəyə baxışımız dayanıqlı kənd təsərrüfatı modelləri yaratmaq və Azərbaycanın qeyri-neft ixrac potensialını daha da genişləndirməkdir.







